Xəbərlər
Rayonda ilk rəqəmsal uğur

Nilufər Əhmədova Göyçay rayonu M. Füzuli adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində İKT üzrə kompüter laborantı və informatika müəllimi kimi fəaliyyət göstərir. O, informatika aylığı çərçivəsində təşkil etdiyi layihə müsabiqəsinə rəhbərlik edərək rayonda ilkə imza atmış, təşəbbüsünü uğurla həyata keçirmişdir. Müsabiqənin qalibi isə 5 nömrəli məktəb olmuşdur.
Rayonda ilk dəfə həyata keçirilən bu layihə Nilufər Əhmədova üçün xüsusi əhəmiyyət kəsb edir. O, bu barədə belə qeyd edir:
“Rayonumuzda bir ilkə imza atmağın sevincini yaşadım. ‘İnformatika aylığı’na həsr olunmuş layihəmizi sevinc və qürur hissi ilə təhvil verdik. Bu proses yalnız bir layihə deyil, həm də birlik, əzm və gələcəyə olan inamın gözəl nümunəsi oldu. Bu uğur hər zərrəsində əməyi olan müəllimlərin, şagirdlərin və dəstək göstərən hər kəsin ortaq qələbəsidir. Qalib məktəb — 5 nömrəli məktəb! Ürəkdən təbrik edirik və daha böyük nailiyyətlər arzulayırıq.”
9 illik iş təcrübəsinə malik olan Nilufər Əhmədova peşə fəaliyyəti dövründə informasiya-kommunikasiya texnologiyalarının tədris prosesinə inteqrasiyası, kompüter avadanlıqlarının effektiv idarə olunması, müəllim və şagirdlərə texniki dəstəyin göstərilməsi istiqamətində sistemli və məqsədyönlü fəaliyyət göstərmişdir. Rəqəmsal mühitin inkişafı və texnologiyanın təhsildə səmərəli tətbiqi onun əsas prioritetlərindəndir.
O, eyni zamanda könüllü fəaliyyətlə də aktiv şəkildə məşğul olur. Müxtəlif təlim və kurslarda İKT sahəsi üzrə könüllü kimi iştirak edərək, gələcək kompüter laborantlarının hazırlanmasına töhfə vermiş, praktiki bilik və bacarıqların formalaşdırılması üçün təlimlər təşkil etmişdir. Təcrübəsini bölüşməyi və yeni mütəxəssislərin yetişməsinə dəstək olmağı özünün əsas missiyalarından biri hesab edir.
Nilufər Əhmədova rəqəmsal bacarıqlarını daim inkişaf etdirir. Canva, Microsoft Office, Plotagon Animator və digər platformalar daxil olmaqla 12-dən çox proqram üzrə bilik və təcrübəyə malikdir və bu alətləri həm tədris, həm də layihə fəaliyyətlərində effektiv şəkildə tətbiq edir.
Hazırda məktəbdə “BilBacar”, “Cerebry”, PISA, “Barbaros” və “Rəqəmsal Bacarıqlar” layihələrinin koordinatoru kimi fəaliyyət göstərir. Bu layihələr çərçivəsində şagirdlərin analitik düşünmə, problem həll etmə və rəqəmsal savadlılıq bacarıqlarının inkişafına yönəlmiş mühüm işlər həyata keçirir. “Cerebry” layihəsi üzrə könüllü olaraq bir neçə məktəbdə təlimlər keçmiş, müəllim və şagirdlərin inkişafına töhfə vermişdir.
O, təhsil sahəsində qrant layihələrində fəal iştirak edərək innovativ təşəbbüslərlə çıxış etmiş, müasir tədris metodlarının tətbiqinə və rəqəmsal təhsil mühitinin gücləndirilməsinə öz töhfəsini vermişdir. Eyni zamanda süni intellekt sahəsində müxtəlif təlimlərdə iştirak etmiş, bu sahədə biliklərini genişləndirərək müasir texnologiyaların təhsildə tətbiq imkanlarını mənimsəmişdir.
Nilufər Əhmədovanın əsas məqsədi texnologiya ilə təhsili birləşdirərək bilik və təcrübəsini paylaşmaq, insanlara rəqəmsal bacarıqlar qazandırmaq və cəmiyyətin inkişafına davamlı töhfə verməkdir.




