Xəbərlər
Rəşid Mehdiyevin anım gününün 10 illiyi qeyd olunub

Salyan Tarix-Diyarşünaslıq Muzeyində Aprel şəhidi, baş leytenant Rəşid Mehdiyevin anım gününün 10 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə şəhid ailələri, hərbi qulluqçular, qazilər, ziyalılar, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiram hissi ilə yad olunub.
Tədbir iştirakçıları Rəşid Mehdiyevin keçdiyi şərəfli döyüş yolundan, onun göstərdiyi qəhrəmanlıq nümunələrindən, Vətənə olan sonsuz sədaqətindən bəhs ediblər.
Çıxışlarda vurğulanıb ki, Rəşid Mehdiyev kimi igid oğulların xatirəsi daim xalqımızın qəlbində yaşayacaq, onların göstərdiyi şücaət gələcək nəsillər üçün örnək olacaqdır. Qeyd olunub ki, şəhidlərimizin qanı bahasına qazanılan qələbə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir və bu zəfərin qorunması hər bir vətəndaşın müqəddəs borcudur.
Sonda tədbir iştirakçıları muzeydə təşkil olunmuş, şəhid Rəşid Mehdiyevin şəxsi əşyalarından ibarət sərgiyə baxış keçiriblər. Sərgidə şəhidin gündəlik istifadə etdiyi əşyalar, fotoları, sənədləri və onun həyat yolunu əks etdirən digər materiallar nümayiş olunub.














