Xəbərlər
Riyaziyyat İnstitutunda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Riyaziyyat İnstitutunun direktor müavini, texnika elmləri doktoru, dosent Elxan Səbziyev “İnsan Hüquqları Aylığı”nın məqsəd və əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verib. O, insan hüquqlarının ümumbəşəri dəyər olduğunu vurğulayaraq, hər bir fərdin öz hüquq və vəzifələrini bilməsinin hüquqi dövlətin formalaşması, cəmiyyətin sağlam inkişafı və sosial ədalətin təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Elxan Səbziyev qeyd edib ki, müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının etibarlı təmin olunması ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olub. Bildirilib ki, Ulu Öndərin 18 iyun 1998-ci il tarixində təsdiq etdiyi “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” ölkədə insan hüquqlarının müdafiəsi sahəsində institusional mexanizmlərin formalaşdırılmasına və bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsinə mühüm töhfə verib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekan vəzifəsini icra edən, hüquq elmləri doktoru, professor Zahid Cəfərov “Anlayış, təsnifat və əsas hüquqlar” mövzusunda məruzə ilə çıxış edib. Professor insan hüquqları anlayışının mahiyyəti, tarixi inkişaf mərhələləri, təsnifatı və beynəlxalq hüquqi əsasları barədə geniş məlumat verib. O, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilən islahatlar, milli qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması və hüquqi maarifləndirmə sahəsində görülən işlərdən bəhs edib. Qeyd olunub ki, “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirlər cəmiyyətdə hüquq mədəniyyətinin yüksəldilməsinə, insan hüquq və azadlıqlarına hörmət prinsiplərinin daha geniş təşviqinə xidmət edir.
Zahid Cəfərov çıxışının sonunda tədbirin keçirilməsində onu dəvət etdiyinə görə rəhbərliyə və təşkilatçılara təşəkkürünü bildirib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, insan və əmək hüquqlarının müdafiəsi sahəsində fikir mübadiləsi aparılıb.








