“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Riyaziyyat İnstitutunun Həmkarlar Təşkilatının yeni heyəti seçilib

08/05/2026, 10:24
xeber1

06.05.2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Riyaziyyat İnstitutu” Publik Hüquqi Şəxsin Həmkarlar Təşkilatının seçki iclası keçirilib.

Tədbirdə Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədr müavini Mirzə Cəfərzadə, Həmkarlar İttifaqı Komitəsinin Hüquq şöbəsinin müdiri Fuad Nəsirov, Hüquq şöbəsinin baş mütəxəssisləri Rəşad Səlimov və Mirvüqar Seyidbəyli, institutun rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru vəzifəsini icra edən, texnika elmləri doktoru, dosent Elxan Səbziyev institutda optimallaşdırma ilə bağlı aparılan struktur dəyişiklikləri haqqında məlumat verib. O bildirib ki, “Elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması istiqamətində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən bir sıra institutların, o cümlədən İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutunun bazasında Riyaziyyat İnstitutu Publik Hüquqi Şəxs yaradılıb.

Çıxış zamanı qeyd olunub ki, institutda aparılan yenidənqurma və optimallaşdırma tədbirləri elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə, idarəetmədə çevikliyin artırılmasına və mövcud potensialdan daha səmərəli istifadəyə yönəlib. Eyni zamanda, alimlər üçün daha əlverişli elmi mühitin formalaşdırılması, gənc tədqiqatçıların təşviqi, beynəlxalq əlaqələrin genişləndirilməsi və innovativ tədqiqatların dəstəklənməsi əsas prioritetlərdən biridir.

Elxan Səbziyev onu da diqqətə çatdırıb ki, publik hüquqi şəxs modelinin tətbiqi institutun maliyyə və idarəetmə imkanlarını genişləndirəcək, müasir elmi infrastrukturun yaradılmasına və elmin cəmiyyətlə qarşılıqlı əlaqələrinin gücləndirilməsinə əlavə stimul verəcək.

Sonra E. Səbziyev institutda ictimai təşkilatların yenidən formalaşdırılması zərurətinin yarandığını diqqətə çatdırıb.

Daha sonra Həmkarlar İttifaqı Komitəsinin Hüquq şöbəsinin baş mütəxəssisi Mirvüqar Seyidbəyli Riyaziyyat İnstitutunun Həmkarlar Təşkilatının yeni tərkibinin formalaşdırılması məqsədilə iclasın aparılmasının institutun laboratoriya müdiri, professor Həmidulla Aslanova həvalə olunduğunu bildirib.

Professor Həmidulla Aslanov institutun Həmkarlar Təşkilatının yeni heyətinin, təşkilat sədrinin və Təftiş komissiyasının seçilməsi ilə bağlı gündəlikdə duran məsələlər barədə çıxış edib.

Sonra Riyaziyyat İnstitutu Həmkarlar Komitəsinin və Təftiş komissiyasının yeni tərkibinin seçilməsi ilə bağlı təkliflər dinlənilib, namizədlər irəli sürülüb. Açıq səsvermənin nəticəsinə əsasən texnika üzrə fəlsəfə doktoru, dosent İradə Mirzəzadə Riyaziyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri, 9 nəfərdən ibarət komitə üzvləri və 3 nəfərdən ibarət Təftiş komissiyasının üzvləri seçilib.

Sonda Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov çıxış edərək yeni seçilmiş heyətə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: