Xəbərlər
Rövşən Nəsirov adını 111 nömrəli tam orta məktəbdə 65 illik yubiley qeyd olunub

Rövşən Nəsirov adına 111 nömrəli tam orta məktəbdə uzunillik pedaqoji fəaliyyət göstərmiş ingilis dili müəllimi Şamilova Əsmayə Eyvaz qızının 65 illik yubileyi münasibətilə tədbir təşkil olunub.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin aparıcı mütəxəssisi Abbasova Sahibə, məktəbin pedaqoji kollektivi və digər qonaqlar iştirak ediblər.
Çıxış edən Sahibə Abbasova yubilyarı səmimi qəlbdən təbrik edərək, onun təhsil sahəsində göstərdiyi uzunmüddətli və səmərəli fəaliyyətini yüksək qiymətləndirib, gənc nəslin yetişdirilməsindəki əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. O, Əsmayə müəlliməyə gələcək həyatında möhkəm cansağlığı, yeni uğurlar arzulayıb və ETİHİ Nəsimi Rayon Komitəsi adından Fəxri Fərman və qiymətli hədiyyə təqdim edib.
Tədbirdə çıxış edən məktəbin direktoru Jalə Hacıyeva Əsmayə müəllimənin 33 illik pedaqoji fəaliyyətindən bəhs edərək, onun yüksək peşəkarlığı, müəllim adına layiq davranışı, şagirdlərinə göstərdiyi diqqət və qayğı, eləcə də kollektiv arasında qazandığı hörmət barədə geniş məlumat verib. Qeyd olunub ki, Əsmayə müəllimə fəaliyyət göstərdiyi müddətdə yüzlərlə şagirdin bilik və bacarıqlarının formalaşmasında mühüm rol oynayıb.
Daha sonra məktəbin kollektivi yubilyara xoş arzularını çatdıraraq, onun pedaqoji fəaliyyətini yüksək dəyərləndiriblər.Sonda çıxış edən Əsmayə Şamilova ona göstərilən diqqət və qayğıya görə məktəb rəhbərliyinə, kollektivə və ETİHİ Nəsimi Rayon Komitəsinə dərin təşəkkürünü bildirib, müəllimlik peşəsinə olan sevgisinin hər zaman onun həyatının əsas istiqamətlərindən biri olacağını vurğulayıb.Tədbir səmimi və xoş ovqat şəraitində başa çatıb.







