Xəbərlər
İş yerlərində təhlükəsiz və saglam mühitin yaradılması

28 Aprel – Ümumdünya Əmək Mühafizəsi Günü çərçivəsində növbəti maarifləndirici tədbir keçirildi.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatçılığı ilə 28 Aprel – Ümumdünya Əmək Mühafizəsi Günü münasibətilə “Sağlam psixoloji iş mühitinin yaradılmasının təmin edilməsi” mövzusunda silsilə tədbirlər davam etdirilir. Bu istiqamətdə keçirilən ikinci tədbir Dağkəsəmək
kənd 1 nömrəli tam orta məktəbində uğurla baş tutmuşdur. Tədbirdə Dağkəsəmək kənd 1 və 2 nömrəli tam orta məktəblərin pedaqoji kollektivləri, kənd ərazisində fəaliyyət göstərən 1 və 2 nömrəli körpələr evi-uşaq bağçalarının nümayəndələri, eləcə də yerli icra nümayəndəsi və bələdiyyə sədri iştirak etmişlər.
Çıxış edənlər sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının vacibliyini vurğulayaraq, xüsusilə təhsil müəssisələrində psixoloji mühitin sağlamlaşdırılmasının müəllimlərin və digər işçilərin fəaliyyətinə, eləcə də ümumi təhsil keyfiyyətinə müsbət təsir göstərdiyini qeyd etmişlər. Tədbir çərçivəsində əmək mühafizəsi sahəsində mövcud qanunvericilik, iş yerlərində psixososial risklərin idarə olunması, stress və peşə yanmasının qarşısının alınması istiqamətində maarifləndirici məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır. İnteraktiv müzakirələr və fikir mübadiləsi şəraitində keçən tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, onların sualları cavablandırılmış və praktiki tövsiyələr verilmişdir.
Qeyd olunmuşdur ki, bu kimi tədbirlərin keçirilməsi iş yerlərində sağlam psixoloji mühitin formalaşdırılmasına, əmək məhsuldarlığının artırılmasına və kollektivlər arasında daha səmimi münasibətlərin qurulmasına mühüm töhfə verir.
Tədbir yüksək təşkilatçılıq səviyyəsi, zəngin məzmunu və maarifləndirici əhəmiyyəti ilə yadda qalmış, iştirakçılar tərəfindən müsbət dəyərləndirilmişdir.














