Xəbərlər
“SABAH.city” innovasiya şəhərciyində “Baku ID 2026” innovasiya festivalı keçirilib.

Sentyabrın 17-də “SABAH.city” innovasiya şəhərciyində “Baku ID 2026” innovasiya festivalı keçirilib. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev festivalda iştirak edib.
Festival çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib.
“Dördüncü Sənaye İnqilabı dövründə bacarıqlar üzrə prioritetlərin müəyyənləşdirilməsində dövlət və özəl sektor əməkdaşlığının gücləndirilməsi” mövzusuna həsr olunan paneldə iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf, “PAŞA Maliyyə Holdinqi”nin baş icraçı direktoru Fərid Məmmədov və digər nümayəndələr iştirak ediblər.
Müzakirələr zamanı əmək bazarının dəyişən tələbləri, mövcud bacarıq boşluqları, rəqəmsal və yaşıl keçid üçün zəruri kompetensiyalar, ömürboyu öyrənmə, eləcə də işçi qüvvəsinin gələcək tələblərə uyğun hazırlanması məsələləri diqqət mərkəzində olub.
Süni intellekt və data, kibertəhlükəsizlik, tətbiqi rəqəmsal və yaşıl bacarıqların inkişaf etdirilməsinin rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Həmçinin “4Sİ Akademiyası – Milli Proqram”ın nəticələrinə həsr olunan mükafatlandırma mərasimi keçirilib və fərqlənən iştirakçılar təltif olunublar.






