Xəbərlər
“Sabahın alimləri” XV Layihə müsabiqəsi və “Əlaçı” intellektual yarışında yüksək nəticələr əldə etmiş şagirdlərlə görüş təşkil olunub.

Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müdir müavini Elmin Məmmədtağıyev, ETİHİ Gəncə şəhər komitəsinin sədri Niyazi Nəbiyev, adıçəkilən müsabiqələrdə fərqlənmiş şagirdlər, onların müəllimləri və məktəb direktorları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan GDRTİ-nin müdiri Elçin Kərimov şagirdləri qazandıqları nailiyyətlər münasibətilə təbrik edərək bildirib ki, bu uğurlar region təhsilinin inkişafının və şagirdlərin elmi-intellektual potensialının göstəricisidir. O qeyd edib ki, belə nəticələr şagirdlərin gələcəkdə daha böyük uğurlara imza atacaqlarına inam yaradır və onların elmə olan marağının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Görüş çərçivəsində şagirdlər öz təəssüratlarını bölüşüb, gələcək hədəflərindən danışıblar. Görüşün sonunda fərqlənən şagirdlərə hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, “Əlaçı” televiziya layihəsi məktəblilərin intellektual potensialını üzə çıxarmağı məqsəd qoyan intellektual oyun və bilik yarışıdır. Layihə çərçivəsində şagirdlər müxtəlif fənlərdən biliklərini nümayiş etdirir və yaradıcılıq qabiliyyətlərini göstərirlər.
“Sabahın alimləri” layihə müsabiqəsinin əsas məqsədi IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 9 istiqamət üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.





