Xəbərlər
“Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin final mərhələsinə start verilib

Martın 3-də Sabahın alimləri Respublika Layihə Müsabiqəsinin XV buraxılışının final mərhələsinin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov iştirakçıları salamlayaraq gənc ixtiraçılara uğurlar arzulayıb və qeyd edib ki, gələcəyin əsas istiqamətlərindən biri süni intellektdir.
Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev isə müsabiqənin artıq 15 ildir keçirildiyini və əsas məqsədinin şagirdlərdə elmə marağın artırılması, tədqiqat bacarıqlarının inkişaf etdirilməsi olduğunu bildirib. Onun sözlərinə görə, müsabiqəyə 760 layihə təqdim olunub, onlardan 152-si final mərhələsinə vəsiqə qazanıb.
Final mərhələsində IX–XI sinif şagirdlərinin riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt üzrə layihələri qiymətləndiriləcək. Qaliblər ABŞ də keçiriləcək beynəlxalq sərgidə ölkəmizi təmsil edəcəklər.
Məlumat üçün qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tərəfdaşlığı ilə keçirilən tədbirdə qurumun sədr müavini Mirzə Cəfərzadə də iştirak edib.









