Xəbərlər
Şabran rayon Uzunboyad kənd məktəbində maarifləndirici tədbir keçirildi

Şabran rayonunun Uzunboyad kənd tam orta ümumtəhsil məktəbində narkomaniya, zərərli vərdişlər və erkən nikahlar mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə Şabran rayon İcra Hakimiyyəti, Şabran rayon Polis şöbəsinin nümayəndələri, məktəb rəhbərliyi, müəllim heyəti və şagirdlər iştirak ediblər.
Tədbirin əsas məqsədi gəncləri narkomaniya və digər zərərli vərdişlərdən qorumaq, erkən nikahların yaratdığı sosial və hüquqi problemlər barədə məlumat verməkdir. Şabran rayon Polis şöbəsinin rəisi, polis polkovniki Məhəmməd İbrahimov çıxış edərək gənclərə sağlam həyat tərzinin vacibliyini, narkomaniya və zərərli vərdişlərdən uzaq durmağın önəmini bir daha vurğuladı.
Çıxışlarda gənclərin narkomaniya və erkən nikahlar barədə maarifləndirilməsi, həmçinin bu kimi sosial bəla və problemlərin fəsadları geniş müzakirə olundu. Şagirdlərə sağlam həyat tərzinin əhəmiyyəti haqqında məlumatlar verildi və onlara doğru istiqamətdə həyat seçimi etmələri üçün tövsiyələr təqdim olundu.
Gələcəyimiz olan gənclərin düzgün istiqamətləndirilməsi, onların sağlam və təhlükəsiz cəmiyyətin üzvləri kimi yetişməsi üçün bu cür maarifləndirici tədbirlərin önəmi danılmazdır.









