Xəbərlər
Şabranda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bayram tədbiri keçirilib

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Şabran rayonunda bayram tədbiri təşkil olunub. Tədbir Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Şabran rayon Təhsil sektoru, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsi və Şabran Rayon UGİM-nin birgə təşkilatçılığı ilə baş tutub.
Bayram mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Natavan Mustafayeva, YAP Şabran Rayon Təşkilatının nümayəndəsi Cəvani Babayev, Şabran Rayon Bələdiyyəsinin sədri Fidan Fərzəliyeva, Şabran Rayon Gənclər və İdman İdarəsinin müdiri Süleyman Əliməmmədov və Şabran Rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev çıxış edərək gəncləri bayram münasibətilə təbrik ediblər.
Rəsmi hissədə Şabran rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən, müxtəlif sahələrdə çalışan bir qrup gənc fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. Çıxış edənlər gəncləri Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsi kimi dəyərləndirərək, onların ölkənin inkişafındakı rolunu xüsusi vurğulayıblar.
Bayram tədbiri gənclərin iştirakı ilə hazırlanmış zəngin konsert proqramı ilə davam edib. Şən musiqilər, rəqs nömrələri və bədii çıxışlar tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş edib.
Qeyd edək ki, tədbir gənclərin fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili və milli-mənəvi dəyərlərin təbliği baxımından əlamətdar olub.




















