Xəbərlər
Şagirdlər arasında narkomaniyaya qarşı maarifləndirici görüş keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan 44 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə mövzusunda maarifləndirici görüş keçirilib.
Şagirdlərlə aparılan söhbət zamanı narkotik vasitələrin insan sağlamlığına, həyatına və gələcəyinə vurduğu zərər, zərərli vərdişlərdən qorunma yolları, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə hüquqi məsuliyyət və sağlam həyat tərzinin əhəmiyyəti diqqətə çatdırılıb.
Maarifləndirmə çərçivəsində mövzuya dair videoçarx nümayiş etdirilib, şagirdlərin sualları cavablandırılıb, onlara zərərli vərdişlərdən uzaq durmaq, sağlam seçimlər etmək və təhlükəsiz həyat tərzinə üstünlük verməklə bağlı tövsiyələr verilib.
Belə maarifləndirici görüşlər yeniyetmələrdə sağlam həyat tərzi düşüncəsinin formalaşmasına, hüquqi biliklərin artırılmasına və narkomaniyaya qarşı mübarizədə məlumatlılığın gücləndirilməsinə xidmət edir.








