Xəbərlər
Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək devizi altında maarifləndirici tədbir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü çərçivəsində “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” devizi altında maarifləndirici tədbir Ağdam rayon Mahrızlı kənd tam orta ümumtəhsil məktəbində təşkil olunub.
Tədbir ilk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirin əsas məqsədi əməyin mühafizəsi, iş yerlərində təhlükəsizlik qaydalarına əməl olunması və sağlam psixososial iş mühitinin formalaşdırılması istiqamətində maarifləndirmə işinin gücləndirilməsi olub. Görüş zamanı iştirakçılara mövzu ilə bağlı ətraflı məlumatlar təqdim edilib, gündəlik fəaliyyət zamanı yarana biləcək risklər və onların qarşısının alınması yolları izah olunub.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin sədri Tamerlan Hüseynov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin psixoloqu Nəsimi Qiyasov və Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional üzrə Xüsusi Riskli Xilasetmə hissəsinin rəisi, kapitan İqbal Ağayev çıxış edərək mövzu ətrafında dəyərli fikirlərini bölüşüblər.
Çıxışlarda xüsusilə iş yerlərində təhlükəsizlik mədəniyyətinin formalaşdırılması, fövqəladə hallarda düzgün davranış qaydaları, eləcə də əməkdaşların psixoloji rifahının qorunmasının əhəmiyyəti vurğulanıb.
Tədbirdə 8 müxtəlif təhsil müəssisəsindən ümumilikdə 85 nəfər ittifaq üzvü iştirak edib. Görüş interaktiv müzakirələr şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və faydalı tövsiyələr verilib.
Belə tədbirlərin mütəmadi keçirilməsi həm əmək təhlükəsizliyinin təmin olunmasına, həm də kollektivlərdə sağlam və təhlükəsiz iş mühitinin yaradılmasına mühüm töhfə verir.







