Xəbərlər
Sağlam ruh, təhlükəsiz iş

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə fəaliyyət dairəsinə daxil olan 308 nömrəli tam orta ümumtəhsil məktəbində 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib.
Tədbirin builki əsas devizi “Psixososial iş mühitinin yaradılmasını təmin edək” olub. Çıxışlarda vurğulanıb ki, müasir dövrdə əməyin mühafizəsi yalnız fiziki təhlükəsizliklə məhdudlaşmır. Kollektivdə sağlam psixososial mühitin formalaşdırılması, stress və emosional gərginliyin azaldılması, iş yerində mənəvi təzyiq və psixoloji zorakılığın qarşısının alınması da işçilərin sağlamlığının qorunmasının əsas şərtlərindəndir.
Tədbir çərçivəsində məktəb əməkdaşlarına təhlükəsizlik texnikası qaydaları, yanğın təhlükəsizliyi, ilk tibbi yardımın göstərilməsi, iş yerində risklərin qiymətləndirilməsi ilə yanaşı, psixoloji dözümlülüyün artırılması və sağlam ünsiyyət mədəniyyətinin qurulması yolları da izah edilib. Həmçinin müəllim və texniki heyətin əmək hüquqları, əməyin mühafizəsi üzrə həmkarlar ittifaqının rolu barədə geniş məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, əməyin mühafizəsi sahəsində mövcud problemlər və onların həlli yolları ətrafında fikir mübadiləsi aparılıb. Tədbir kollektiv tərəfindən yüksək maraqla qarşılanıb.








