Xəbərlər
Şahin Abbasov adına körpələr evi-uşaq bağçasında 65 illik yubiley tədbiri keçirilib

Bu gün Şahin Abbasov adına körpələr evi-uşaq bağçasında uzun illər tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmiş Zemfira xanım Qasımovanın 65 illik yubileyi münasibətilə əlamətdar tədbir keçirilib.
Tədbirdə yubilyarın zəngin pedaqoji fəaliyyəti, körpələrin təlim-tərbiyəsində göstərdiyi fədakar xidmətləri və neçə-neçə nəslin formalaşmasında oynadığı mühüm rol xüsusi vurğulanıb. Çıxış edənlər bildiriblər ki, Zemfira müəllimə öz peşəsinə böyük sevgi və məsuliyyətlə yanaşaraq uşaqların mənəvi dünyasının zənginləşməsində, onların ilk həyat addımlarının möhkəm təməl üzərində qurulmasında əvəzsiz xidmətlər göstərib. Onun zəhməti və insanpərvərliyi həm valideynlər, həm də həmkarları tərəfindən daim yüksək qiymətləndirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov, komitə əməkdaşları Elvin Məhərrəmov və Kəmalə Möhbaliyeva iştirak ediblər.
ETİHİ Nizami RK-nin sədri Sübut Əsədov çıxışında Zemfira müəllimənin qırx illik səmərəli fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, onun təhsil sahəsində göstərdiyi xidmətlər gənc nəslin sağlam və savadlı yetişməsinə mühüm töhfə verib. O, yubilyarı 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edərək möhkəm cansağlığı, uzun ömür və bundan sonrakı həyatında da uğurlar arzulayıb.
Sonda Zemfira müəlliməyə ETİHİ Nizami Rayon Komitəsinin Fəxri Fərmanı, gül dəstəsi və qiymətli hədiyyə təqdim olunub






