Xəbərlər
Salyan Rayon Heydər Əliyev Mərkəzində “Novruz bayramı – Milli həmrəyliyin təcəssümü” adlı tədbir keçirilib

16 mart 2026-cı il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində “Novruz bayramı – Milli həmrəyliyin təcəssümü” adlı tədbir keçirilib.
Tədbir xalqımızın qədim və zəngin ənənələrini yaşadan Novruz bayramına həsr olunub. Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti aparatının Ərazi təşkilat və İctimai -siyasi məsələlər şöbəsinin İctimai -siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla və ailələrlə iş üzrə məsləhətçi-psixoloqu Sevinc Səmədova, YAP Salyan rayon təşkilatının məsləhətçisi Vüqar Ağayev, rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, ETİHİ Salyan rayon komitəsinin sədri Aynur Əsgərova, rayon Ziyalılar Cəmiyyətinin sədri Allahverdi Piriyev, şair-publisist Əzizağa Məmmədli, “Murad” Əlillər İctimai Birliyinin sədri Rəsmiyyə Səmədova və Salyan rayon Yenikənd kənd Uşaq Musiqi məktəbinin direktoru Xalidə Hüseynova çıxış ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycan xalqının ən qədim və zəngin ənənələrindən biri olan Novruz bayramı milli birlik, həmrəylik və mənəvi dəyərlərimizin təcəssümü kimi xüsusi əhəmiyyət daşıyır. Baharın gəlişini, təbiətin oyanışını və yeni başlanğıcları simvolizə edən bu əziz bayram əsrlər boyu xalqımızın milli kimliyini və zəngin mədəni irsini yaşadaraq nəsildən-nəslə ötürülub.Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına daim xüsusi diqqət yetirərək Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunmasına mühüm töhfələr verib. Onun təşəbbüsü ilə Novruz ənənələri daha geniş şəkildə qeyd olunaraq xalqımızın birlik və həmrəyliyini ifadə edən ümummilli bayrama çevrilib.
Çıxış edənlər Novruz bayramının xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Tədbirin bədii hissəsində Salyan rayon Mədəniyyət Mərkəzinin solistləri, Salyan rayon Yenikənd kənd Uşaq Musiqi məktəbinin şagirlərindən ibarət “Səda” qrupu və “Murad” Əlillər İctimai Birliyinin üzvləri tərəfindən Novruz bayramına həsr olunmuş musiqi nömrələri təqdim olunub. Rəngarəng ifalar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Sonda tədbir çərçivəsində təşkil olunmuş Novruz ənənələrini əks etdirən sərgiyə baxış keçirilib. Həmçinin, ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova tərəfindən Murad Əlillər İctimai Birliyinin üzvlərinə Novruz hədiyyələri təqdim olunub.


















