Xəbərlər
Salyanda antiterror şəhidi Sadiq Qəhrəmanovun xatirəsi doğum günündə yad edilib.

Salyanda antiterror şəhidi Sadiq Qəhrəmanovun xatirəsi doğum günündə yad edilib
28 fevral 2026-cı il tarixində Salyan rayonunun Kərimbəyli kəndində 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Qəhrəmanov Sadiq Sakit oğlunun anadan olmasının 30-cu ildönümü münasibətilə ailəsi ziyarət edilib.
Ziyarətdə Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Rəşad Kərimov, Qərbi Azərbaycan İcmasının Salyan rayon nümayəndəsi Kərəm Muradov, ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səidə Əliyeva, rayon təşkilatının əməkdaşları və partiya fəalları iştirak ediblər.
Görüş zamanı çıxış edənlər şəhid Sadiq Qəhrəmanovun Vətənə bağlı, cəsarətli və məsuliyyətli bir gənc olduğunu, 2023-cü ilin sentyabrında ölkəmizin suverenliyinin tam təmin olunması uğrunda keçirilən antiterror tədbirlərində göstərdiyi igidliyin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu bildiriblər. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində ölkəmizin konstitusion quruluşu tam bərpa olunub və məhz belə qəhrəman oğullarımızın şücaəti sayəsində dövlətimizin suverenliyi təmin edilib.
Çıxışlarda vurğulanıb ki, şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayır və onların ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu şəhid ailələrinə və müharibə iştirakçılarına xüsusi münasibət prinsipi bu gün də uğurla davam etdirilir. Bildirilib ki, şəhidlərimizin müqəddəs xatirəsinin yaşadılması, onların keçdiyi şərəfli döyüş yolunun gənc nəslə çatdırılması, vətənpərvərlik ruhunun təbliği hər birimizin mənəvi borcudur.
Görüş çərçivəsində şəhid Sadiq Qəhrəmanovun həyat və döyüş yolundan bəhs olunub, xatirələri anılıb, ailə üzvləri ilə səmimi söhbət aparılıb. Ailəsinə üzərində şəhidin şəkilləri əks olunmuş xatirə saatı təqdim edilib, onun əziz xatirəsinin daim yaşadılacağı bildirilib. Eyni zamanda qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhidin anasına hədiyyə təqdim olunaraq ona dərin ehtiram və minnətdarlıq ifadə edilib.
Sonda şəhidin valideynləri göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib, bu cür ziyarətlərin şəhidlərin xatirəsinə verilən yüksək dəyərin, dövlət və cəmiyyət tərəfindən göstərilən mənəvi dəstəyin bariz nümunəsi olduğunu qeyd edib.









