Xəbərlər
Salyanda şəhid Kamil Şirinovun doğum günündə xatirəsi yad edilib

7 aprel 2026-cı il tarixində Salyan rayonunun Çuxanlı kəndində 44 günlük Vətən Müharibəsi şəhidi Kamil Şirinovun anadan olmasının 35-ci ildönümü münasibətilə ailəsi ziyarət olunub.
Ziyarətdə Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova və rayonun bir neçə ictimai fəalları iştirak edib.
Görüş zamanı çıxış edənlər Kamil Şirinovun istər Aprel döyüşləri, istərsə də 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi şücaətdən, döyüşlərdə nümayiş etdirdiyi qəhrəmanlıq nümunələrindən ətraflı bəhs edərək, onun Vətənə sədaqətinin və torpaqlarımızın azadlığı uğrunda canından keçməsinin hər bir Azərbaycan gənci üçün örnək olduğunu vurğulayıblar.
Bildirilib ki, şəhidlərimizin xatirəsi daim uca tutulur, onların qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Eyni zamanda qeyd olunub ki, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. Bu cür ziyarətlər şəhid ailələrinə mənəvi dəstəyin ifadəsi olmaqla yanaşı, cəmiyyətimizdə milli birlik və həmrəylik hisslərinin daha da möhkəmlənməsinə xidmət edir.
Ziyarət zamanı şəhid ailəsinə xüsusi ehtiram göstərilib, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı adından üzərində Kamil Şirinovun şəkilləri əks olunan xatirə saatı, ETİHİ Salyan Rayon Komitəsi tərəfindən isə Könül Şirinovaya hədiyyə təqdim edilib.
Sonda şəhidin valideynləri göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını ifadə edərək, övladlarının xatirəsinin daim yad olunmasının onlar üçün ən böyük təsəlli olduğunu bildiriblər.









