Xəbərlər
Şamaxıda qadın sağlamlığı ilə bağlı maarifləndirici konfrans keçirilib

Şamaxıda “1–31 oktyabr – Süd vəzi xərçəngi ilə mübarizə ayı” çərçivəsində “Sağlam qadın, sağlam müəllim, sağlam gələcək!” mövzusunda konfrans təşkil olunub. Tədbirin əsas məqsədi qadın təhsil işçiləri arasında sağlamlığın qorunması, süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanması və mütəmadi profilaktik müayinələrin vacibliyi ilə bağlı maarifləndirməni gücləndirmək olub.
Konfransda dövlət qurumlarının, səhiyyə və təhsil sektorunun, eləcə də həmkarlar ittifaqlarının təmsilçiləri iştirak ediblər.
Tədbir zamanı çıxış edənlər qadın sağlamlığının cəmiyyət üçün əhəmiyyətindən, sağlam həyat tərzinin təşviqindən və xəstəliklərin qarşısının alınmasında profilaktik müayinələrin rolundan bəhs ediblər. Milli Məclisin deputatı Tamam Cəfərova, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyyubova, TƏBİB-in Tibbi xidmətin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva və digər natiqlər əhali arasında tibbi maarifləndirmənin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi sədrinin baş müşaviri Pərvanə İsmayılova da çıxışında təhsil sahəsində çalışan qadınların sağlamlığının qorunmasının, onların tibbi bilik və məlumatlılıq səviyyəsinin artırılmasının önəmini vurğulayıb.
Konfrans çərçivəsində keçirilən panel müzakirələrində həkim-radioloq Sevinc Musayeva, həkim-onkoloq Gülnar Əbdülhəsənova, həkim-mama-ginekoloq Elnarə Məmmədova və psixoloq Fidan Azərqızı mövzu ilə bağlı çıxış ediblər. Mütəxəssislər süd vəzi xərçənginin erkən diaqnostikası, müasir müayinə və müalicə imkanları, eləcə də xəstələrə göstərilən psixoloji dəstək barədə ətraflı məlumat veriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, xəstəliyin erkən mərhələdə müəyyən edilməsi üçün vaxtında həkimə müraciət etməyin və müntəzəm müayinələrdən keçməyin əhəmiyyəti bir daha diqqətə çatdırılıb.





