Xəbərlər
Şamaxıda qadın təhsil işçilərinin sağlamlığı ilə bağlı maarifləndirici konfrans keçirilib

Şamaxıda “1–31 oktyabr – Süd vəzi xərçəngi ilə mübarizə ayı” çərçivəsində “Sağlam qadın, sağlam müəllim, sağlam gələcək!” şüarı altında konfrans keçirilib. Tədbirin məqsədi qadın təhsil işçilərinin sağlamlığının qorunması, süd vəzi xərçənginin erkən aşkarlanması və profilaktik müayinələrin əhəmiyyəti barədə məlumatlılığın artırılması olub.
Konfransda dövlət qurumlarının, səhiyyə və təhsil müəssisələrinin, eləcə də həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.
Çıxışlarda qadın sağlamlığının qorunmasının, sağlam həyat tərzinin təşviqinin və profilaktik müayinələrin əhəmiyyəti vurğulanıb. Milli Məclisin deputatı Tamam Cəfərova, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyyubova, TƏBİB-in Tibbi xidmətin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva və digər çıxışçılar bu istiqamətdə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi sədrinin baş müşaviri Pərvanə İsmayılova çıxışında təhsil işçilərinin sağlamlığının qorunması və bu sahədə məlumatlılığın artırılmasının əhəmiyyətinə toxunub.
Tədbirin panel müzakirələrində həkim-radioloq Sevinc Musayeva, həkim-onkoloq Gülnar Əbdülhəsənova, həkim-mama-ginekoloq Elnarə Məmmədova və psixoloq Fidan Azərqızı süd vəzi xərçənginin erkən diaqnostikası, müayinə imkanları, müalicə üsulları və psixoloji dəstək barədə məlumat veriblər. İştirakçıların sualları cavablandırılıb, xəstəliyin erkən aşkarlanması üçün vaxtında həkimə müraciətin və müntəzəm tibbi müayinələrin əhəmiyyəti vurğulanıb.










