Xəbərlər
Şamaxıda Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilib

26 fevral – Xocalı soyqırımı qurbanlarının anım günü ilə əlaqədar olaraq, ETİHİ Şamaxı Rayon Komitəsi və Şamaxı rayon Təhsil Sektorunun rəhbərliyi və kollektivi tərəfindən anım tədbiri keçirilib.
Tədbir çərçivəsində Xocalı qurbanlarının xatirəsinə Şamaxı şəhərində ucaldılmış abidə ziyarət edilib. Ziyarət zamanı faciə qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad olunub, abidənin önünə qərənfillər düzülüb.
Çıxış edənlər 1992-ci ilin fevral ayında baş vermiş Xocalı faciəsinin Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş insanlıq əleyhinə cinayət kimi tarixə düşüb.
Bildirilib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, şəhidlərimizin xatirəsi daim uca tutulacaq və gələcək nəsillərə ötürüləcək. Bu faciənin dünya ictimaiyyətinə çatdırılması və tarixi həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması istiqamətində aparılan işlərin böyük əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!





