Xəbərlər
Samuxda təhsil işçiləri arasında şahmat yarışı keçirilib

8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Samux rayonunda təhsil işçiləri arasında şahmat üzrə rayon birinciliyi təşkil olunub.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Samux Rayon Komitəsinin təşkilatçılığı ilə baş tutan yarışın əsas məqsədi 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətinin gənc nəslə ötürülməsində müəllimlərin rolunun vurğulanması, həmçinin təhsil işçiləri arasında bədən tərbiyəsi və idmanın, xüsusilə də intellektual oyunların kütləviliyinin təmin edilməsidir.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda rayonun müxtəlif ümumtəhsil məktəblərini təmsil edən pedaqoji işçilər və həmkarlar ittifaqı üzvləri güclərini sınayaraq öz məntiqi təfəkkürlərini və strateji bacarıqlarını nümayiş etdiriblər.
Yarışın yekununda qaliblərə ETİHİ Samux Rayon Komitəsi tərəfindən medallar, fəxri fərmanlar və pul mükafatı təqdim olunub. Tədbir iştirakçıları Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir daha ehtiramla yad edib, Zəfər Gününün əhəmiyyətini qürurla qeyd ediblər.














