Xəbərlər
SDU-da “Heydər Əliyev ideyalarının işığında – çiçəklənən Azərbaycan” adlı elmi-praktik seminar keçirilib

Mayın 8-də Sumqayıt Dövlət Universitetində(SDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Heydər Əliyev ideyalarının işığında – çiçəklənən Azərbaycan” adlı elmi-praktik seminar keçirilib.
Tədbirdən əvvəl universitet rəhbərliyi və qonaqlar Ulu Öndər Heydər Əliyevin universitetdə ucaldılmış büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad edib, daha sonra universitetin foyesində təşkil olunmuş fotosərgi ilə tanış olublar.
Seminar SDU-da fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində davam edib. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Seminarı giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması, milli-mənəvi dəyərlərin qorunması və təhsil sisteminin inkişafı istiqamətində misilsiz xidmətlərindən bəhs edib. Rektor qeyd edib ki, Heydər Əliyev ideyaları bu gün də Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir və həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Professor Nurəli Yusifbəyli çıxışında təhsilin dövlətin strateji inkişafında xüsusi yer tutduğunu vurğulayaraq bildirib ki, Ulu Öndərin rəhbərliyi dövründə ali təhsilin inkişafına göstərilən diqqət Azərbaycan gəncliyi üçün böyük intellektual məktəbin formalaşmasına səbəb olub. O, həmin siyasətin nəticəsi olaraq minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almaq imkanı əldə etdiyini, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə xaricdə təhsil üzrə dövlət proqramlarının uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Rektor, həmçinin qeyd edib ki, müasir dövrdə ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri ölkənin inkişafına xidmət edən bilikli, yüksək intellektual potensiala malik və milli dəyərlərə sadiq kadrların hazırlanmasıdır.
Daha sonra Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov “Heydər Əliyevin xilaskarlıq missiyası” mövzusunda məruzə ilə çıxış edib. O, Ümummilli Liderin Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında, milli ruhun dirçəldilməsində, ana dilinin inkişafında və milli kimliyin möhkəmləndirilməsində tarixi rolundan bəhs edib. Bildirib ki, Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan ziyalılarına göstərdiyi diqqət və həyata keçirdiyi strateji islahatlarla ölkənin gələcək inkişafının möhkəm təməlini formalaşdırıb.
Seminarda İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Loğman Abdullayev “Heydər Əliyevin Azərbaycan iqtisadiyyatı və sənayesinin yüksəlişini təmin edən strateji islahatları və idarəetmə modeli” mövzusunda çıxış edərək Ulu Öndərin iqtisadi inkişaf strategiyasının ölkənin sənaye potensialının güclənməsində mühüm rol oynadığını vurğulayıb.
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov isə “Heydər Əliyevin mədəniyyət, incəsənət və idmanın inkişafına göstərdiyi dövlət qayğısı” mövzusunda çıxış edərək Ümummilli Liderin milli-mədəni irsin qorunması, gənclərin inkişafı və idmanın dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsi sahəsində həyata keçirdiyi tədbirlərdən danışıb.
Seminarın sonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.














