Xəbərlər
SDU-da Ümummilli Liderin xatirəsinə həsr olunan əməkdaşlararası şahmat yarışı keçirilib

Mayın 7-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Sumqayıt Dövlət Universiteti (SDU) və Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşları arasında şahmat yarışı keçirilib. Yarış universitetin Həmkarlar İttifaqı Komitəsi və İdman Klubunun birgə təşkilatçılığı ilə Kitabxana İnformasiya Mərkəzində baş tutub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Nurəli Yusifbəyli yarışın əhəmiyyətindən danışaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyev ölkədə bütün sahələrdə olduğu kimi, idmanın inkişafına və onun kütləviliyinin təmin olunmasına daim diqqət və qayğı göstərib. Qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu idman siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkədə idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi və gənclərin idmana marağının artırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, bu sahəyə dövlət səviyyəsində davamlı dəstək göstərilir. Sonra yarışa start verilib. 7 komandanın iştirak etdiyi yarışın nəticələrinə əsasən Riyaziyyat fakültəsinin komandası I yerə, İqtisadiyyat və idarəetmə fakültəsinin komandası II yerə, Təbiət elmləri fakültəsinin komandası isə III yerə layiq görülüb.












