Xəbərlər
“Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir sentyabrın 7-dən 12-dək təşkil olunan tələbə düşərgəsi çərçivəsində baş tutub. Görüşdə ali təhsil müəssisələrinin rəhbərləri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, eləcə də 700-ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisəsinin tələbəsi iştirak edib.
Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev tələbələr üçün həyata keçirilən düşərgə, forum, intellektual və idman yarışları, təlimlər və digər layihələr haqqında məlumat verib. O, qarşıdakı illərdə ixtisasyönümlü düşərgələrin və innovativ layihələrin təşkil olunacağını bildirib.
Tədbirin əsas məruzəçisi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. O, tələbələri yeni biliklər əldə etməyə və yaradıcı düşünməyə təşviq edib.
Sonda iştirakçılar “Təhsil” İstirahət Mərkəzində yaradılmış şəraitlə tanış olub, xatirə fotosu çəkdiriblər. Düşərgə çərçivəsində tələbələr üçün intellektual və idman yarışlarının, həmçinin foto və film müsabiqələrinin keçirilməsi nəzərdə tutulub.









