Xəbərlər
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib.

BSU-da Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib
Mayın 5-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdən öncə BSU-nun inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.
BSU-nun Heydər Əliyev adına muzey-lektoriyasında YAP sıralarına yeni qəbul olunan tələbə-gənclərlə görüş keçirilib və onlara partiyaya üzvlük vəsiqələri təqdim olunub.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının Media Qrupunun hazırladığı “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş videoçarx nümayiş olunub.
YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” Rəqəmsal İdeya Müsabiqəsinin hesabatını təqdim edib. O bildirib ki, artıq ənənə halını almış Rəqəmsal İdeya Müsabiqəsinə hər il gənclərin diqqəti daha da artmaqdadır: “Belə ki, bu il sayca 4-cü dəfə keçirilən müsabiqəyə Respublikanın 65 inzibati ərazi vahidindən ümumilikdə 1418 müraciət daxil olub. Qeydiyyatdan keçən gənclər arasından ən uğurlu 120 iştirakçı seçilib. İştirakçıların seçimi zamanı gender bərabərliyi də əsas prinsiplərdən biri olaraq götürülüb”.
Z.Musayevanın sözlərinə görə, 30-dan çox təhsil müəssisəsini və 20-dən çox şəhər və rayonu təmsil edən gənclər bu gün komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparıblar: “Rəqəmsal İdeya Müsabiqəsinin başlıca məqsədləri Prezident İlham Əliyevin gənclərin qarşısına qoyduğu strateji hədəflərə uyğun olaraq intellektual, innovativ düşüncəyə malik gənc liderlərin formalaşdırılmasına töhfə vermək, gəncləri şəhərsalma və memarlıq sahəsində tətbiq olunan müasir yanaşma və alətlərlə tanış etmək, o cümlədən cəmiyyətə faydalı texnoloji həllərin tətbiq olunmasını təşviq etməkdir. Bu məqsədlə 2 gün davam edən təlim və layihə proqramı çərçivəsində süni intellektə giriş, pitç texnikaları və təqdimat bacarıqları, ideya konseptinin işlənməsi və məhsul dizaynı kimi mövzularda təlimlər, o cümlədən gənclər siyasətində texnoloji inkişafın dəstəklənməsi, data əsaslı şəhər planlaması, ağıllı dizayn yanaşmaları kimi mövzularda ekspert görüşləri və panel müzakirələr təşkil olunub. “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” adlandırdığımız Rəqəmsal İdeya Müsabiqəsində bu gün komandalarımız 9 saat ərzində mentorlarla birgə “Tikdim ki, izim qala!” adlı komanda katalizatoru, “Köhnə kəndə yeni adət” adlı süni intellekt vörkşopu, “Bir qalanın sirri” adlı” intellekt rinqi, o cümlədən panel müzakirəsi, ideya müsabiqəsi və layihələrin təqdimatından ibarət 6 mərhələli yarışda iştirak ediblər”.

















