“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhid ailələri ilə Qarabağ səyahəti

03/11/2025, 17:02
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin təşkilatçılığı ilə 1-2 noyabr tarixlərində 8 Noyabr – Zəfər Günü münasibətilə Abşeron rayon təhsil müəssisələrində çalışan şəhid ailələri üçün mənalı və unudulmaz Qarabağ səyahəti təşkil olunub.


Səyahət müddətində iştirakçılar Vətən müharibəsinin simvoluna çevrilmiş bölgələri – Şuşa, Laçın, Füzuli, Qubadlı və Ağdamı ziyarət ediblər. Bu torpaqların hər qarışı şəhidlərimizin qanı ilə yoğrulmuş müqəddəs diyar kimi hər bir iştirakçıda qürur, həyəcan və minnətdarlıq hissləri oyadıb.


Ziyarət zamanı qrup üzvləri Şuşa qalasını, Cümə məscidini, İsa bulağını, Xan qızı Natəvanın abidəsini, həmçinin Ağdam Cümə məscidini və Füzuli şəhərində aparılan yenidənqurma işlərini görmək imkanı əldə ediblər. Müqəddəs məkanlarda şəhidlərimizin ruhuna dualar oxunub, onların əziz xatirəsi ehtiramla yad olunub.


İştirakçılar Xankəndində yerləşən “Çinar” otelində qonaq olublar. Otelin kollektivi tərəfindən göstərilən səmimi və qonaqpərvər münasibət şəhid ailələrinin hər birini çox məmnun edib.


Səyahət zamanı həmkarlarımızdan biri, şəhid ailəsi üzvü Rüstəmova Bəstinin doğum günü də unudulmayıb – bu xoş gün birlikdə qeyd olunub, doğum günü münasibətilə Bəsti xanıma sürpriz və təbriklər təqdim edilib.

Həmkarlar İttifaqı tərəfindən iştirakçılara xatirə hədiyyələri təqdim olunub, səyahətin həm mənəvi, həm də istirahət baxımından dolğun keçməsi üçün bütün şərait yaradılıb.


Bu iki gün ərzində şəhid ailələri yalnız doğma torpaqlara səfər etməklə kifayətlənməyib, həm də Zəfərimizin əzəmətini, dövlətimizin qüdrətini və xalqımızın birliyini bir daha dərindən hiss ediblər.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsi belə tədbirlərin gələcəkdə də davamlı olacağını, şəhid ailələrinə hər zaman diqqət və qayğı göstəriləcəyini vurğulayıb.


Sonda iştirakçılar şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri cənab Sahib Məmmədova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevə və tədbirin təşkilatçısı Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazova bu unudulmaz səyahətə görə öz dərin minnətdarlığını bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: