Xəbərlər
Şəhid anası, zəhməti və fədakarlığı ilə seçilən Hədiyyə Hüseynovanın yubileyi qeyd edildi

Astara şəhəri Ziya Bünyadov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin texniki işçisi, şəhid anası Hüseynova Hədiyyə Mirzəhüseyn qızının yubileyi münasibətilə məktəbdə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər Hədiyyə xanımı əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzulamışlar. Çıxışlarda onun məktəbdəki nümunəvi fəaliyyəti, işinə məsuliyyət və vicdanla yanaşması, kollektiv arasında qazandığı hörmət və nüfuz xüsusi qeyd olunmuşdur.
Vurğulanmışdır ki, Hədiyyə xanım zəhməti, səmimiyyəti və kollektivə bağlılığı ilə həmkarlarının rəğbətini qazanmış, məktəbin ictimai həyatında fəal iştirak etmişdir. Onun fədakar fəaliyyəti və yüksək insani keyfiyyətləri məktəb kollektivi tərəfindən daim yüksək qiymətləndirilir.
Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən yubilyara hədiyyə təqdim olunmuş, ona gələcək həyatında yeni uğurlar və xoşbəxt günlər arzu edilmişdir.




