Xəbərlər
Şəhid anasının 65 illik yubileyi münasibətilə ziyarət həyata keçirilib

Bu gün Göyçay Peşə Liseyinin müəllimi, II Qarabağ müharibəsi şəhidi Kənan Ömərlinin anası, kitab müəllifi Ömərova Məhluqə xanımın 65 illik yubileyi münasibətilə ETİHİ Göyçay Rayon Komitəsinin sədri və komitə nümayəndələri onun evində olublar.
Görüş zamanı Məhluqə xanım yubileyi münasibətilə səmimi qəlbdən təbrik olunub, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, yeni yaradıcılıq uğurları və pedaqoji fəaliyyətində davamlı nailiyyətlər arzulanıb.
Bildirilib ki, Məhluqə xanım Vətən uğrunda canını fəda etmiş qəhrəman övladın anası olmaqla yanaşı, uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərən müəllim və kitab müəllifi kimi də cəmiyyətdə böyük hörmət qazanıb. Qeyd olunub ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlətimizin və cəmiyyətimizin hər zaman əsas dəyərlərindəndir.
Görüş zamanı şəhid Kənan Ömərlinin göstərdiyi qəhrəmanlıq da ehtiramla yad edilib. Qeyd olunub ki, o, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Bu ali təltiflər qəhrəman şəhidimizin Vətən qarşısındakı misilsiz xidmətlərinin dövlət tərəfindən yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.
Sonda ETİHİ Göyçay Rayon Komitəsinin sədri və nümayəndələri Məhluqə xanımı bir daha 65 illik yubileyi münasibətilə təbrik edərək ona sağlam, firavan və mənalı ömür, ailəsinə daim xoş günlər arzulayıblar.










