Xəbərlər
Şəhid Məhəmməd Qarayevin anadan olmasının 25-ci ildönümü qeyd olunub.

16 noyabr 2001-ci ildə Qəbələ şəhərində anadan olmuş, Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış Məhəmməd Qarayevin anadan olmasının 25-ci ildönümü münasibətilə Qəbələ Rayon Mədəniyyət Mərkəzində anım tədbiri keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov, Qəbələ rayon üzrə təhsil sektorunun müdiri Arifə Bayramova, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Məhəmməd Qarayevin həyat və döyüş yolundan, Vətənə bağlılığından, hərbi xidmət zamanı göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs olunub. Bildirilib ki, ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanan Məhəmməd Qarayev 12 may 2023-cü ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.
Qeyd edilib ki, göstərdiyi igidlik və Vətənə sədaqətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Tədbir çərçivəsində şagirdlərin və müəllimlərin ifasında Vətənə, qəhrəmanlığa və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş musiqi nömrələri və şeir parçaları səsləndirilib. Bədii çıxışlar iştirakçılara duyğulu anlar yaşadıb.
Tədbirdə şəhid ailələrinə göstərilən diqqət və qayğının əhəmiyyəti vurğulanıb, Məhəmməd Qarayevin qısa, lakin şərəfli ömür yolunun gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğu qeyd edilib.
25 yaşın mübarək, Vətən oğlu! Qəhrəmanlığın və əziz xatirən daim qəlbimizdə yaşayacaq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!












