Xəbərlər
Şəhid Nail İbrahimlinin anım günü qeyd olunub

Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də Oğuz rayonunun Xaçmaz kəndindən olan Nail İbrahimlidir.
Şəhid Nail İbrahimlinin anım günü münasibətilə onun əziz xatirəsi ehtiramla yad edilib. Anım tədbirində Oğuz rayon İcra Hakimiyyəti başcısının müavini Aliyə Osmanova, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz RİH-nin əməkdaşları, Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon Komitəsinin sədri Fərman İbrahimov, Oğuz rayon Ağsaqqallar şurasının üzvləri, Qəbələ və Oğuz rayonundan olan şəhid ailələri, Xaçmaz bələdiyyəsinin və Xaçmaz kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, müharibə iştirakçıları, Oğuz şəhər Nail İbrahimli adına 3 sayı məktəb-liseyin və Xaçmaz kənd Vüqar İbrahimov adına 2 saylı tam orta məktəbinin kollektivi, din xadimləri, ziyalılar, mədəniyyət işciləri, səhiyyə işciləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Şəhid Nail İbrahimlinin həyat və döyüş yolu
İbrahimli Nail Nəriman oğlu 4 mart 1994-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2000–2011-ci illərdə Vüqar İbrahimov adına Xaçmaz kənd orta məktəbində təhsil alıb. 2012–2013-cü illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətə olan marağı və Vətənə bağlılığı onu yenidən hərbi sahəyə yönəldib. 2019-cu ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Vətənə xidmətini davam etdirib.
Dövlət Sərhəd Xidmətinin kiçik giziri olan Nail İbrahimli 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak edib. O, döyüşlərdə göstərdiyi igidlik, cəsarət və peşəkarlıqla seçilib.
Şuşa şəhərinin azadlığı uğrunda gedən ağır döyüşlərdə böyük şücaət göstərən Nail İbrahimli 8 noyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. 12 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra Nail İbrahimliyə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, həmçinin “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Onun qəhrəmanlıq nümunəsi gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir.
Şəhidin adının əbədiləşdirilməsi məqsədilə Oğuz şəhər 3 nömrəli məktəb-liseyə onun adı verilib.
Nail İbrahimlinin həyat yolu, Vətənə sədaqəti və döyüş meydanında göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq. O, təkcə doğulduğu Xaçmaz kəndinin deyil, bütün Azərbaycan xalqının qürur mənbəyidir.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!








