Xəbərlər
Şəki şəhər 11 nömrəli məktəbin 100 illik yubileyi qeyd olunub

Sentyabrın 5-də Şəki şəhər 11 nömrəli tam orta məktəbin 100 illik yubileyinə həsr olunmuş “100 ilin qüruru” adlı tədbir keçirilib.
1925-ci ildə istifadəyə verilmiş tədris ocağı bir əsrlik fəaliyyəti ilə Şəkinin elm və təhsil həyatında xüsusi yer tutur.
Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Milli Məclisin deputatı Vüqar İskəndərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Turanə Kərimova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Qazaxıstanın Kostanay vilayətinin “Birlik” Etnomədəni Birliyinin sədri Rafail Hacıbalayev, şəhid anası Gülnar İsgəndərova, həmçinin məktəbin məzunları iştirak ediblər.
Çıxış edənlər məktəbin yüzillik fəaliyyətini yüksək qiymətləndirərək, onun məzunlarının ölkənin ictimai, siyasi, elmi və mədəni inkişafındakı rolunu vurğulayıblar.
Mərasimdə məktəbin tarixini əks etdirən videoçarx və məzunların təbrik videosu nümayiş etdirilib, müəllim və şagirdlərin ifasında şeir və musiqilər səsləndirilib.
Sonda bir qrup müəllim fəxri fərmanla təltif olunub.












