Xəbərlər
Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Zaqatala Rayon Təhsil Sektoru və ETİHİ Zaqatala Rayon Komitəsinin təşkilatçılığı ilə dünyaşöhrətli azərbaycanlı riyaziyyatçı-alim, professor Məsud Əfəndiyevlə görüş təşkil edilib.

Sentyabrın 14-də Zaqatala şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Zaqatala Rayon Təhsil Sektoru və ETİHİ Zaqatala Rayon Komitəsinin təşkilatçılığı Zaqatalanın gənc və qabaqcıl müəllimləri dünyaşöhrətli azərbaycanlı riyaziyyatçı-alim, professor Məsud Əfəndiyevlə görüşüblər.
Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, professor Məsud Əfəndiyev, idarənin müdir müavini Hafız Pənahov, Zaqatala rayonu üzrə təhsil sektorunun müdiri Kəmalə Əhmədova, Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının Zaqatala Rayon Komitəsinin sədri Bəhruz Bayramov, rayonun gənc və qabaqcıl müəllimləri iştirak ediblər.
Humboldt mükafatının ilk azərbaycanlı laureatı, Əməkdar elm xadimi, professor Məsud Əfəndiyev zəngin elmi fəaliyyəti, yaradıcılıq yolu və beynəlxalq səviyyədə qazandığı nailiyyətlər barədə məlumat verib. Alim elmə marağının formalaşması, apardığı elmi araşdırmalar və Azərbaycan elminin inkişafına verdiyi töhfələrdən danışıb.
Professor gənc müəllimlərlə söhbətində elmə, təhsilə və innovativ düşüncəyə xüsusi önəm verilməsinin vacibliyini vurğulayıb, müəllimlərin peşəkar inkişafı ilə bağlı fikirlərini bölüşüb.
Səmimi və interaktiv şəraitdə keçən görüşdə professor Məsud Əfəndiyev iştirakçıların suallarını cavablandırıb, gənc müəllim və gənclərlə maraqlı fikir mübadiləsi aparıb.
Görüşün gənc müəllimlərin dünyagörüşünün zənginləşdirilməsi, elmi düşüncələrinin inkişaf etdirilməsi və gənc nəslin elmə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.











