Xəbərlər
Şəkidə 300- ə yaxın ilk təşkilat sədrləri bir araya gəldi

AHİK-in üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi üzv təşkilatlarla bilavasitə ünsiyyətin və əməkdaşlıq mühitinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir. Bu çərçivədə növbəti regional görüş Şəki-Zaqatala bölgəsini əhatə edib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində 21–22 noyabr tarixlərində baş tutan görüşə Şəki şəhəri, Qax, Oğuz, Qəbələ, Zaqatala və Balakən rayonlarının təhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri qatılıblar.
ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə, sədrin müşaviri Vüsal Əliyev və Komitənin məsul əməkdaşları tədbirdə iştirak ediblər. Araz Paşayev çıxışında AHİK-in sosial tərəfdaşlıq xəttinə uyğun olaraq əmək münasibətlərinin tənzimlənməsi prosesində həmkarlar ittifaqlarının strateji mövqeyini diqqətə çatdırıb, üzv təşkilatlar arasında həmrəyliyin və vahid fəaliyyət xəttinin əsas hədəf olduğunu vurğulayıb. O, birbaşa dialoqun genişləndirilməsi və ilk təşkilatlara sistemli dəstəyin artırılmasının Komitənin əsas istiqamətlərindən olduğunu bildirib.
Görüşdə sosial müdafiə, maarifləndirmə, əmək münasibətləri və işçi hüquqlarının təminatı üzrə həyata keçirilən təşəbbüslərlə bağlı təqdimatlar edilib. İlk təşkilat sədrləri ilə sual-cavab əsasında fikir mübadiləsi aparılıb, səsləndirilən rəy və təkliflər qeydə alınıb.
ETİHİ rəhbərliyi regional görüşlərin digər bölgələrdə də davam etdiriləcəyini və üzv təşkilatlarla qarşılıqlı fəaliyyətin gücləndirilməsinin prioritet olduğunu nəzərə çatdırıb.
Qeyd edəki ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi hazırda ölkə üzrə 405 mindən artıq ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilatı və 147 üzv təşkilatı özündə birləşdirir.















