Xəbərlər
Şəkidə Əməkdar müəllim,şəhid anasının 70 illik yubileyi qeyd olunub
Aprelin 1-də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Şəki rayon Heydər Əliyev adına Kiş kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi, "Əməkdar müəllim" Dursun Cavadovanın 70 illik yubileyi qeyd olunub.
Şəki Şəhər Heydər Əliyev Mərkəzində təşkil olunmuş yubiley tədbirində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova,Hüquq-mühafizə orqanlarının rəhbərləri, İdarənin struktur bölmə rəhbərləri, Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov,Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin müdir əvəzi Rauf Hacıyev,AYB-nin Şəki bölməsinin sədri şair-publisist Vaqif Aslan,şəhid ailələrinin üzvləri, qazilər, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və şagirdlər iştirak ediblər.
Yubiley tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları əvvəlcə Dursun Cavadovanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarxı izləyiblər.
Çıxış edənlər Dursun Cavadovanın şərəfli və mənalı ömür yolundan, onun uzun illər ərzində təhsil sahəsində göstərdiyi fədakar xidmətlərdən geniş bəhs ediblər. Qeyd olunub ki, o, yüzlərlə şagirdin həyatında silinməz iz qoymuş, onların bilikli, vətənpərvər və layiqli vətəndaş kimi formalaşmasında mühüm rol oynamışdır. Bildirilib ki, Dursun Cavadova yalnız peşəkar müəllim kimi deyil, həm də Vətənə igid övlad bəxş edən qəhrəman ana kimi böyük hörmət və ehtiram qazanmışdır.
Vurğulanıb ki, onun oğlu şəhid mayor Aqşin Abdullayev Vətən müharibəsində göstərdiyi şücaətlə şəhidlik zirvəsinə ucalaraq xalqımızın qürur mənbəyinə çevrilmişdir. Bu ailə həm müəllimlik ənənəsinin, həm də vətənə sədaqətin ən ali nümunələrindən bir olduğu bildirilib.
Daha sonra Əməkdar müəllim Dursun Cavadova çıxış edərək ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. D.Cavadova müəllimlik peşəsinin müqəddəs və məsuliyyətli olduğunu vurğulayaraq, gələcək nəsillərin savadlı, milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda yetişdirilməsinin vacibliyini qeyd edib.
Tədbirin sonunda əməkdar müəllim Dursun Cavadova fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Bədii hissədə müəllimlik peşəsinə və vətənpərvərlik mövzusuna həsr olunmuş ədəbi-bədii kompozisiyalar təqdim edilib.
Qeyd edək ki, Əməkdar müəllim Dursun Cavadovanın oğlu, şəhid mayor Aqşin Abdullayev 2003–2013-cü illərdə müxtəlif rütbələrdə xidmət etmiş, son vəzifəsi kəşfiyyat rəisi olmuşdur. Aqşin Abdullayev “Qüsursuz Xidmətə Görə” medalları, “Azərbaycan Silahlı Qüvvələrinin 90 və 95 illiyi” yubiley medalları və “Şücaətə görə” medalı ilə təltif olunub. Mayor Aqşin Abdullayev 25 fevral 2017-ci ildə Fevral döyüşlərində şəhid olmuş və 28 fevral Kiş kəndində dəfn olunub.



