Xəbərlər
Şəkidə “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” adlı zona tədbiri keçirilib

28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Şəki Şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” devizi altında zona tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Şəki şəhər 17 nömrəli tam orta ümumtəhsil məktəbinin peşə təmayüllü siniflərinin və Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Daha sonra Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, AHİK-in Əməyin və Mühafizəsi şöbəsinin baş mütəxəssisi Taleh Zeynalov, ETİHİ-nin Hüquq şöbəsinin müdiri Fuad Nəsirov, ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, ETİHİ Respublika Komitəsinin Hüquq şöbəsinin baş mütəxəssisi Rəşad Səlimov, həmçinin Şəki-Zaqatala regionu üzrə həmkarlar ittifaqlarının şəhər və rayon sədrləri, AHİK və ETİHİ-nin məsul əməkdaşları, məktəb direktorları, həmkarlar ittifaqları komitə və təşkilat sədrləri, müəllimlər və təsərrüfat işləri üzrə müavinlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ziyafət Xasiyeva bu günün əhəmiyyətindən və təhsil müəssisələrində əməyin mühafizəsi tədbirlərinin daha da gücləndirilməsinin vacibliyindən bəhs edib.
Daha sonra ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə “Sağlam psixososial iş şəraiti yaradılmasını təmin edək” mövzusunda geniş məruzə edib.
Məruzə ətrafında AHİK-in Əməyin mühafizəsi şöbəsinin baş mütəxəssisi Taleh Zeynalov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Şəki rayonu üzrə Təhsil Sektorunun müdiri Zamiq Cəbiyev, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin idarə rəisi Tural Ağayev, Dövlət Əmək Müfəttişliyi Xidmətinin regional şöbəsinin baş əmək müfəttişi Əsəd Əsədov, həmçinin Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional İdarəsinin Dövlət Yanğın Nəzarəti şöbəsinin inspektoru Emin Hüseynov çıxış ediblər.
Tədbir iştirakçıların suallarının cavablandırılması və geniş fikir mübadiləsi ilə davam edib.

















