Xəbərlər
Şəmkirdə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş intellektual yarış təşkil olunub

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər bildiriblər ki, xalqımızın taleyində mühüm rol oynayan tarixi hadisələr arasında 15 İyun – Milli Qurtuluş Günü xüsusi yer tutur. Qeyd olunub ki, 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizi dərin ictimai-siyasi böhrandan çıxararaq sabitlik, inkişaf və tərəqqinin əsasını qoyub. Bu baxımdan Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyətə malik tarixi hadisə kimi dəyərləndirilir.
Yarışda 11 komanda iştirak edib. Hər komandada 5 nəfər olmaqla ümumilikdə 55 iştirakçı müxtəlif istiqamətlər üzrə bilik və bacarıqlarını nümayiş etdirib. Sonda iştirakçılara uğurlar arzulanıb və intellektual yarışa start verilib.
Qalib komandalar 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbirində Fəxri Fərman və hədiyyələrlə təltif edilib.















