Xəbərlər
Şəmkirdə 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi və Şəmkir rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tariximizdə mühüm hadisə olduğunu vurğulayaraq, xalqımızın müstəqillik yolunda keçdiyi şərəfli və çətin mübarizə yolundan bəhs ediblər. Qeyd olunub ki, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın dövlətçilik tarixində mühüm mərhələ olub. Bildirilib ki, müstəqillik ən böyük milli sərvət olmaqla yanaşı, dövlətin tərəqqisinin və xalqın rifahının əsas təminatıdır.
Tədbirdə iştirak edən təhsil işçiləri üçün bu gün xoş və unudulmaz anlarla yadda qalıb. Onlar göstərilən diqqət və qayğıya görə AHİK və ETİHİ ailəsinə təşəkkürlərini bildiriblər.



