Xəbərlər
Şəmkirdə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə görüş keçirilib

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Şəmkir rayonu Suliddin Məmmədov adına Mehrili kənd ümumi orta ümumtəhsil məktəbinin, Şəmkir rayonu Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta ümumtəhsil məktəbinin, Şəmkir rayonu Sahib Əliyev adına Ağlavaşlı kənd tam orta ümumtəhsil məktəbinin, Şəmkir rayonu uşaq-gənclər idman-şahmat məktəbinin və Şəmkir şəhər Kimya və Biologiya Təmayüllü liseyin müəllimləri ilə görüşlər keçirilib, onların əməyinə diqqət və qayğı ifadə olunub.
Görüşlər zamanı AHİK-in və ETİHİ Respublika Komitəsinin rəhbərliyinin bayram təbrikləri təhsil işçilərinə çatdırılıb, müəllim əməyinin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rolu vurğulanıb.
Eyni zamanda, təhsil işçilərinin gündəlik fəaliyyəti, onları düşündürən məsələlər, əmək və sosial-iqtisadi hüquqlarının qorunması, istirahət və müalicələrinin təşkili istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Görüşlərdə 102 saylı Şəmkir Şəhər seçki dairəsindən seçilmiş millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın köməkçisi Davud Süleymanov, ETİHİ Respublika Komitəsinin Mədəni-kütləvi və idman işləri üzrə şöbə müdiri Elnur Sadıqov, Şəmkir rayonu üzrə Təhsil Sektorunun müdiri Elşən Ələsgərov, ETİHİ Şəmkir Rayon Komitəsinin sədri Amin Alıyev, məktəb direktorları, müəllimlər və həmkarlar ittifaqı fəalları iştirak ediblər.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimlərimizi ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə möhkəm cansağlığı, uğurlar və yeni nailiyyətlər arzulayırıq!
Müəllim varsa, gələcək var!


































