Xəbərlər
Şəmkirdə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi və Şəmkir rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər qadınların cəmiyyətimizdəki mühüm rolundan, xüsusilə təhsil sahəsində göstərdikləri fədakar əməyindən danışıblar. Qeyd olunub ki, müəllim qadınlar gələcəyimizin təminatı olan gənc nəslin yetişməsində böyük və məsuliyyətli missiya daşıyırlar.
Tədbirdə iştirak edən qadın təhsil işçiləri üçün bu gün xoş və unudulmaz anlarla yadda qalıb. Onlar göstərilən diqqət və qayğıya görə AHİK və ETİHİ ailəsinə təşəkkürlərini bildiriblər.
Tədbir çərçivəsində bir qrup qadın təhsil işçisi səmərəli fəaliyyətlərinə görə Təşəkkürnamə və qiymətli hədiyyələrlə təltif olunub. Sonda isə tədbirdə iştirak edən bütün qadın həmkarlar ittifaqı üzvlərinə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə gül hədiyyələri təqdim edilib.
Qadın – sevginin, mərhəmətin və gücün simvoludur.
Bayramınız mübarək, dəyərli xanımlar!




