Xəbərlər
Şəmkirdə Konstitusiya Günü və Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü və 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin və Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə ETİHİ Şəmkir Rayon Komitəsinin sədri Amin Alıyev, Şəmkir rayonu üzrə Təhsil Sektorunun müdiri Elşən Ələsgərov, eləcə də ümumi təhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində çalışan veteranlar, qazilər və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda 12 Noyabr – Konstitusiya Gününün müstəqil dövlətçiliyimizin hüquqi əsaslarının möhkəmləndirilməsində, 17 Noyabr – Milli Dirçəliş Gününün isə xalqımızın milli azadlıq mübarizəsinin və müstəqillik iradəsinin formalaşmasında mühüm tarixi əhəmiyyət daşıdığı vurğulanıb.
Qeyd olunub ki, xalqımızın milli birliyi, həmrəyliyi və sarsılmaz iradəsi Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində mühüm rol oynayıb. Vətən müharibəsində əldə olunan tarixi Zəfərin xalqımızın birliyinin, ordumuzun qüdrətinin və qəhrəman övladlarımızın misilsiz fədakarlığının parlaq təzahürü olduğu diqqətə çatdırılıb.
Tədbir zamanı Şəmkir şəhər Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Nəriman Əhmədov 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Gününün və 17 Noyabr – Milli Dirçəliş Gününün yaranma tarixi, tarixi zərurəti və dövlətçilik tariximizdəki əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verib. O, bu əlamətdar günlərin Azərbaycan xalqının milli dövlətçilik ənənələrinin, azadlıq mübarizəsinin, hüquqi dövlət quruculuğunun və müstəqillik ideallarının formalaşmasındakı rolunu xüsusi vurğulayıb.
Həmçinin şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlətimizin və cəmiyyətimizin mənəvi borcu olduğu, onların qəhrəmanlığının və fədakarlığının daim ehtiramla yad ediləcəyi bildirilib.
İştirakçılar belə əlamətdar günlər münasibətilə tədbirin təşkilini yüksək qiymətləndirərək təşkilatçılara və tədbirin hazırlanmasında əməyi olan hər kəsə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Milli birliyimiz, dövlətçiliyimiz və müstəqilliyimiz daim var olsun!



