Xəbərlər
Şəmkirdə Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib!
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin və Şəmkr rayon Təhsil Sektorunun təşkilatçılığı ilə 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib.
Tədbir Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Azərbaycan xalqının milli oyanışının, azadlıq iradəsinin və müstəqilliyə doğru atılmış ilk böyük addımların xatırlanması ilə başlayıb.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin sədri Amin Alıyev, Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən Ələsgərov, ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində çalışan işçilər, təhsil müəssisələrində çalışan şəhid ailələri və qazilər iştirak ediblər.
Çıxış edənlər 1988-ci il meydan hərəkatının xalqımızın milli birliyinin, azadlıq ruhunun və dövlətçilik ideyalarının güclənməsində tarixi rolunu xüsusi vurğulayıblar.
Qeyd olunub ki, Milli Dirçəliş Günü xalqımızın azadlıq yolunda göstərdiyi iradənin rəmzi olmaqla yanaşı, bu gün müstəqil Azərbaycanın inkişafına gedən möhkəm təməli ifadə edir.
İştirakçılar bu kimi milli dəyərlərimizi yaşadan tədbirlərin təşkilinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına və əziyyəti keçən hər kəsə səmimi minnətdarlıqlarını bildiriblər.



