Xəbərlər
Şəmkirdə təhsil işçiləri arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Basketbol turniri keçirilib
10–11 dekabr tarixlərində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi ilə Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı əsasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Basketbol yarışı baş tutub.
Turnir Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin idman zalında keçirilib. Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edənlər bu cür idman yarışlarının təhsil işçilərinin fiziki hazırlığının artırılması ilə yanaşı, onların intellektual inkişafına, həmçinin kollektivlik, dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verdiyini bildiriblər.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticələri belə olub:
🥇 I yer – “YASAMAL” komandası
🥈 II yer – “BAYRAQDAR” komandası
🥉 III yer – “ZƏFƏR” komandası
Qalib komandalar Kubok, Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunublar. İştirakçılar turnirin yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq bu kimi tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd ediblər.
Ümumilikdə yarış təhsil işçiləri üçün həm mənəvi ruh yüksəkliyi, həm də fiziki aktivlik baxımından yaddaqalan olub və qarşıdakı idman tədbirləri üçün böyük stimul yaradıb.



