Xəbərlər
Şəmkirdə təhsil işçiləri arasında şahmat yarışı keçirilib
Aprelin 8-də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi və Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib. Şəmkir rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təşkil olunan tədbirin məqsədi Ulu Öndər Heydər Əliyevin təhsilə və intellektual inkişafın təşviqinə verdiyi önəmi təbliğ etmək, eyni zamanda təhsil işçiləri arasında sağlam rəqabət və əməkdaşlıq mühitini gücləndirmək olub.
Tədbirdə ETİHİ Şəmkir Rayon Komitəsinin sədri Amin Alıyev, Şəmkir rayonu üzrə Təhsil Sektorunun müdiri Elşən Ələsgərov və rayonun müxtəlif təhsil müəssisələrində çalışan təhsil işçiləri iştirak ediblər. Yarış Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər belə intellektual yarışların təhsil işçilərinin strateji düşünmə, məntiqi təhlil və qərarvermə bacarıqlarının inkişafına müsbət təsir göstərdiyini bildiriblər. Yarış iştirakçıları isə maraqlı və gərgin qarşılaşmalar zamanı öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Turnirin yekun nəticələrinə əsasən:
• I yer – Əsgərov Bünyad Zülfiqar oğlu, Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi
• II yer – Məmmədov Eldəniz Tofiq oğlu, Şəmkir rayonu Etibar Həsənov adına Çinarlı qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru
• III yer – Qurbanov Fizuli İsmayıl oğlu, Şəmkir şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin hərbi rəhbəri
Sonda qaliblər ETİHİ Şəmkir Rayon Komitəsi tərəfindən kubok, Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Tədbir iştirakçıları bu cür yarışların həm əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, həm də şəxsi intellektual inkişafın dəstəklənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.



