Xəbərlər
Şəmkirdə təhsil işçiləri arasında stolüstü tennis yarışı təşkil olunub
Aprelin 15-də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi və Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş stolüstü tennis yarışı keçirilib.
Məhəmməd Füzuli adına məktəb-liseyin idman zalında baş tutan yarışın keçirilməsində əsas məqsəd təhsil işçiləri arasında fiziki aktivliyi təşviq etmək, sağlam həyat tərzinə marağı artırmaq, kollektivlərarası əməkdaşlığı gücləndirmək, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin idmanın inkişafına və gənc nəslin sağlam ruhda formalaşmasına göstərdiyi xüsusi diqqət və qayğını təbliğ etmək olub.
Tədbirdə ETİHİ Şəmkir Rayon Komitəsinin sədri və rayonun müxtəlif mumtəhsil müəssisələrində çalışan ittifaq üzvləri fəal iştirak ediblər. Yarışın açılışı Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi ehtiramla yad olunub.
Tədbir çərçivəsində çıxış edənlər idman tədbirlərinin kollektiv ruhun möhkəmlənməsində, sağlam münasibətlərin formalaşmasında və iş mühitində müsbət atmosferin yaradılmasında mühüm rol oynadığını vurğulayıblar.
Yarış zamanı iştirakçılar yüksək hazırlıq səviyyəsi və əzmkarlıq nümayiş etdirərək maraqlı və rəqabətli oyunlarla yadda qalıblar.
Nəticələrə əsasən:
🥇 I yer – Abdullayev Babək Cavanşir oğlu – Şəmkir şəhəri Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbinin müəllimi
🥈 II yer – Əliyev Tahir Camal oğlu – Şəmkir rayonu Müşfiq Süleymanov adına Aşağı Seyfəli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi
🥉 III yer – Cəfərli Elcan Şakir oğlu – Şəmkir rayonu Natiq Süleymanov adına Çinarlı qəsəbə tam orta ümumtəhsil məktəbinin müəllimi
Qaliblər təşkilatçılar tərəfindən kubok, fəxri fərman və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Sonda iştirakçılar bu cür yarışların davamlı keçirilməsinin vacibliyini qeyd edərək, bunun həm sağlam həyat tərzinin təşviqi, həm də kollektiv həmrəyliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.



