Xəbərlər
Şəmkirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi və Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Şəmkir şəhəri Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayonu üzrə Təhsil Sektorunun müdiri Elşən Ələsgərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin sədri Amin Alıyev, təhsil işçiləri, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər tərəfindən vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti, milli-mənəvi dəyərlərin qorunması, təhsilin inkişafı və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması istiqamətində atdığı addımlar müasir Azərbaycanın inkişafının əsasını təşkil edir. Bildirilib ki, Ümummilli Liderin müəyyən etdiyi strateji inkişaf xətti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu cür tədbirlər gənclərin milli dəyərlərə bağlı, vətəninə və dövlətinə sadiq ruhda yetişməsində mühüm əhəmiyyət daşıyır, eyni zamanda Heydər Əliyev ideyalarının təbliği baxımından xüsusi rol oynayır. Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi fəaliyyəti, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətlər, elmə, təhsilə və gənclərə göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumat verilib.
Bədii hissədə rayonun müxtəlif ümumtəhsil müəssisələrinin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar, musiqi nömrələri təqdim olunub. Şagirdlərin çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi və Şəmkir rayonu üzrə Təhsil Sektoru tərəfindən müxtəlif istiqamətlər üzrə uğur qazanan şagirdlər və həmin şagirdlərin müəllimlərinin mükafatlandırılması mərasimi keçirilib. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş rəsm müsabiqəsində fərqlənən, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə AFFA-nın birgə həyata keçirdiyi “Məktəbli Kuboku” layihəsində region birincisi olan Şəmkir şəhəri Məhəmməd Füzuli adına məktəb-liseyin futbol komandası, həmçinin “Sərhəd” hərbi-idman oyununun respublika mərhələsində bürünc medal qazanan Dəllər-Cırdaxan kənd tam orta məktəbinin “Mübarizlər” komandası diplom, fəxri fərman və hədiyyələrlə təltif olunub.



