Xəbərlər
Şəmkirdə Ümummilli Lider Heydər Əliyevin Əziz Xatirəsi Dərin Ehtiramla Yad Edilib
Mayın 10-u Azərbaycan xalqının taleyində mühüm və silinməz iz qoymuş görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunub.
Bu əlamətdar gün münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin, Şəmkir rayonu üzrə Təhsil Sektorunun, məktəbəqədər və ümumtəhsil müəssisələrinin kollektivləri Ulu Öndərin əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad ediblər.
Anım tədbiri çərçivəsində Ümummilli Liderin məzarı önünə gül dəstələri düzülmüş, onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması, xalqın rifahının yüksəldilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində göstərdiyi əvəzsiz xidmətlər böyük hörmətlə xatırlanıb.
Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi, uzaqgörən dövlətçilik strategiyası və milli-mənəvi dəyərlərə əsaslanan ideyaları bu gün də Azərbaycanın davamlı inkişafına yol göstərən möhkəm təməl olaraq qalır və gələcək nəsillər üçün örnək təşkil edir.
Ümummilli Liderin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaqdır.



