Xəbərlər
Şəmkirdə Zəfər Gününə həsr olunmuş futzal yarışı keçirilib
8 Noyabr – Zəfər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin və Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə təhsil işçiləri arasında futzal yarışı keçirilib.
Yarış Şəmkir şəhərində yerləşən Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbinin idman meydançasında təşkil olunub.
Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda 8 Noyabr – Zəfər Gününün xalqımızın birliyinin, milli qürurunun və qəhrəmanlığının təntənəsi olduğu vurğulanıb. Qeyd edilib ki, bu tarixi Zəfər Azərbaycan xalqının iradəsinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyinin və qəhrəman Azərbaycan Ordusunun şücaətinin nəticəsidir.
Ümummilli Lider Heydər Əliyevin təhsilin inkişafına, gənclərin sağlam ruhda yetişməsinə və idmanın kütləviləşməsinə göstərdiyi diqqət və qayğının bu gün də uğurla davam etdirildiyi bildirilib.
Belə idman yarışlarının keçirilməsinin təhsil işçiləri arasında sağlam həyat tərzinin təbliği, fiziki fəallığın artırılması, komanda ruhunun gücləndirilməsi və kollektivlər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Yarışın nəticələri:
🥇 I yer – “BAYRAQTAR” komandası
🥈 II yer – “ZİRVƏ” komandası
🥉 III yer – “MÜBARİZ” komandası
Yarışın sonunda qalib komandalar kubok, fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
İştirakçılar yarışın yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirərək, bu cür idman tədbirlərinin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar.
Zəfərimiz qürurumuz, birliyimiz gücümüzdür!



