“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Səni necə tanıdım” – şəhidlərimizin unudulmayan həyat hekayələri

04/11/2026, 11:20
xeber1

03 noyabr 2026-cı il tarixdə Göyçay şəhəri Nizami Gəncəvi adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Səni necə tanıdım” layihəsi çərçivəsində nəşr edilən eyniadlı kitabın təqdimat mərasimi keçirilib.


Kitabda 49 azərbaycanlı və 11 türk yazarın şəhidlərimizin həyatına, qəhrəmanlığına və döyüş yoluna həsr olunmuş yazıları yer alıb. Hər bir müəllif bir şəhidin həyat hekayəsini qələmə alaraq onun adının, xatirəsinin və göstərdiyi qəhrəmanlığın gələcək nəsillərə çatdırılmasına öz töhfəsini verib.

Kitabda Göyçay şəhəri Nizami Gəncəvi adına 7 nömrəli məktəbin şəhid məzunu Orxan Kərimli haqqında da təsirli bir hekayə dərc olunub. Şəhidin atası Akif Kərimovun qələmə aldığı “Mən ölməmişəm” adlı hekayə övlad itkisi ilə yaşayan bir atanın qələmindən süzülən duyğularla yanaşı, Vətən uğrunda canından keçən bir qəhrəmanın həyatına və əbədiyyətə qovuşan amalına həsr olunmuş mənəvi bir yadigardır.

Tədbir şəhid Orxan Kərimlinin adını daşıyan sinif otağında keçirilib. Mərasimdə şəhidin valideynləri, həmin sinfin şagirdləri, məktəbin müəllimləri və Göyçay Məzunlar Birliyinin üzvləri iştirak ediblər.


Tədbiri məktəbin direktor müavini, tarix müəllimi Aqil Kəngərli açıq elan edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İlk çıxış edən Aqil Kəngərli Azərbaycanın tarixi Zəfər salnaməsindən, xalqımızın mübarizə əzmi və qəhrəmanlıq ənənələrindən söz açıb. O qeyd edib ki, bu gün müstəqil və qalib Azərbaycanın hər bir uğurunun arxasında Vətən sevgisi, xalqımızın birliyi və şəhidlərimizin müqəddəs qanı dayanır. Şəhidlərimizin keçdiyi şərəfli həyat yolunun öyrənilməsi, onların qəhrəmanlığının təbliği və xatirələrinin daim yaşadılması hər birimizin mənəvi borcudur.

Aqil müəllim belə layihələrin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, şəhidlər haqqında yazılan kitablar, təşkil olunan tədbirlər və yaradılan xatirə guşələri gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. O, məktəbin 13 şəhid məzunu olduğunu diqqətə çatdıraraq onların hər birinin məktəb kollektivi üçün qürur və ehtiram mənbəyi olduğunu qeyd edib.


Çıxışında vaxtilə öz şagirdi olmuş Orxan Kərimliyə xüsusi yer ayıran Aqil Kəngərli onun məktəb illərindən, şəxsiyyətindən və Vətənə bağlılığından bəhs edib. Bildirib ki, bir zamanlar bu sinif otaqlarında təhsil alan, müəllimlərinin və sinif yoldaşlarının əhatəsində böyüyən Orxan bu gün məktəbin, Göyçayın və bütün Azərbaycanın qürur duyduğu qəhrəmanlardan biridir. Onun adı artıq təkcə bir sinif otağında deyil, məktəbin tarixində, müəllimlərinin yaddaşında və gələcək nəsillərin qəlbində yaşayır.

Daha sonra şəhid Orxan Kərimlinin uşaqlıq və məktəb illərini, həyat yolunu, hərbi xidmətini və döyüş yolunu əks etdirən slayd təqdimatı nümayiş etdirilib. Ekranda canlanan xatirələr tədbir iştirakçılarına qəhrəmanın həyatının müxtəlif məqamlarını bir daha yaşadıb.


Tədbirdə söz şəhid Orxan Kərimlinin atası, kitabın həmmüəlliflərindən biri Akif Kərimova verilib.

Akif müəllim çıxışında “Səni necə tanıdım” layihəsinin yaranma məqsədi, həyata keçirilməsi və kitabın ərsəyə gəlməsi prosesi haqqında ətraflı məlumat verib. O bildirib ki, sentyabrın 21-də Sumqayıtda keçirilən genişmiqyaslı təqdimat mərasimi layihənin nə qədər böyük maraq və rəğbətlə qarşılandığını bir daha nümayiş etdirib.

Qeyd edib ki, 60 müəllifin qələmindən süzülərək ərsəyə gələn bu kitab sadəcə ədəbi toplu deyil, şəhidlərimizin əziz xatirəsinə göstərilən böyük ehtiramın, onların həyat və qəhrəmanlıq tarixinin gələcək nəsillərə çatdırılması istəyinin ifadəsidir. Hər bir müəllif bir şəhidin həyatını, keçdiyi şərəfli yolu, Vətən uğrunda göstərdiyi fədakarlığı özünəməxsus üslubda qələmə alıb. Beləliklə, hər bir şəhidin adı və qəhrəmanlıq salnaməsi yazılı ədəbiyyat vasitəsilə gələcək nəsillərə ərməğan edilib.

Akif müəllim vurğulayıb ki, şəhidlər haqqında yazmaq, onların həyat hekayələrini yaşatmaq yalnız ailələrinin deyil, bütövlükdə cəmiyyətin mənəvi məsuliyyətidir. Çünki şəhidlərimizin qəhrəmanlığı unudulmamalı, onların arzuları, amalları və Vətən sevgisi gənc nəsillərə nümunə olmalıdır.

O, öz qələmə aldığı “Mən ölməmişəm” hekayəsinin də bir ata qəlbinin ağrısını, övladına olan sonsuz sevgisini və şəhidlərin mənəvi ölməzliyinə inamını ifadə etdiyini diqqətə çatdırıb. Bildirib ki, Orxan fiziki olaraq aralarında olmasa da, onun adı, qəhrəmanlığı, Vətənə olan sevgisi və xatirəsi daim yaşayacaq.


Çıxışının sonunda Akif Kərimov kitabın bir nüsxəsini məktəbin direktoru Sərvət Ağayevə təqdim edib.

Məktəbin direktoru Sərvət Ağayev çıxışında şəhid məzunların xatirəsinin məktəbdə daim əziz tutulduğunu, onların həyat və döyüş yollarının şagirdlərə nümunə kimi aşılandığını bildirib. O qeyd edib ki, şəhidlərimizin adlarının yaşadılması, onların keçdiyi şərəfli yolun öyrənilməsi məktəbin əsas mənəvi vəzifələrindən biridir.

Direktor vurğulayıb ki, məktəbin 13 şəhid məzunu ilə bağlı xatirə tədbirlərinin keçirilməsi, onların şəxsi əşyalarının qorunması və gələcək nəsillərə təqdim edilməsi istiqamətində mühüm işlər görülür. “Səni necə tanıdım” kitabının da məktəbdə xüsusi yeri olacaq. Kitab Göyçay Məzunlar Birliyi tərəfindən yaradılmış Şəhidlərin Xatirə muzeyində Orxan Kərimlinin şəxsi əşyalarının sərgiləndiyi guşəyə qoyulacaq. Beləliklə, bu nəşr Orxanın xatirəsini yaşadan digər qiymətli yadigarlarla birlikdə gələcək nəsillərin ziyarət edə biləcəyi mənəvi irsə çevriləcək.


Daha sonra çıxış edən Göyçay Məzunlar Birliyinin sədr müavini Tərlan Qarayev Birliyin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, təhsil aldıqları məktəblərdə onların adlarının yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Tərlan müəllim bildirib ki, Göyçay Məzunlar Birliyi üçün şəhidlərin xatirəsinin yaşadılması ən vacib fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə indiyədək bir sıra mühüm layihələr həyata keçirilib və qarşıdakı dövrdə də bu istiqamətdə fəaliyyət ardıcıl şəkildə davam etdiriləcək.

O, Göyçay məktəblərinin şəhid məzunları haqqında ayrıca kitabın hazırlanmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Həmin nəşrdə hər bir şəhidin həyat yolu, təhsil illəri, döyüş fəaliyyəti və qəhrəmanlığı haqqında məlumatların toplanaraq gələcək nəsillərə çatdırılması planlaşdırılır.

Çıxışında Birliyin sosial və mənəvi dəstək layihələrinə də toxunan Tərlan Qarayev bir neçə şəhid övladına Göyçay Məzunlar Birliyi tərəfindən təqaüdlərin ayrıldığını bildirib. Bu təşəbbüsün məqsədinin şəhid ailələrinə diqqət və qayğının göstərilməsi, şəhid övladlarının təhsilinə və gələcəyinə dəstək olmaq olduğunu vurğulayıb.

O, həmçinin respublikada ilk nümunələrdən olan, Göyçayın iki məktəbində Birliyi tərəfindən yaradılmış Şəhidlərin Xatirə muzeyləri haqqında məlumat verib. Bu muzeylərin şəhidlərin şəxsi əşyalarının, fotoşəkillərinin və xatirələrinin qorunub saxlanıldığı, şagirdlərin tariximizi daha yaxından tanıdığı müqəddəs məkanlar olduğunu qeyd edib.


Bundan əlavə, bir məktəbin şəhid məzununa həsr olunmuş fotostendin hazırlanması, xüsusi sinif otağının yaradılması, məktəbin qarşısında şəhid məzunların şəkillərinin əks olunduğu xatirə lövhəsinin yenilənməsi kimi layihələrin həyata keçirildiyini bildirib. Tərlan müəllim bütün bu təşəbbüslərin davamlı xarakter daşıyacağını, Göyçay Məzunlar Birliyinin şəhidlərin xatirəsinin yaşadılması və onların ailələrinə mənəvi dəstək göstərilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini vurğulayıb.

Tədbirdə məktəbin hərbi hazırlıq müəllimi, müharibə veteranı Elşən Süleymanov da çıxış edib. O, şagirdlərin hərbi vətənpərvərlik ruhunda hazırlanmasının, onlara Vətən sevgisinin, milli-mənəvi dəyərlərin və vətəndaşlıq məsuliyyətinin aşılanmasının vacibliyindən danışıb.

Elşən müəllim qeyd edib ki, gənc nəslin Vətənin müdafiəsinə hazır olması yalnız hərbi biliklərə yiyələnməklə məhdudlaşmır. Bu, həm də tarixini bilmək, torpağını sevmək, şəhidlərin keçdiyi şərəfli yolu öyrənmək və onların müqəddəs amalına sadiq qalmaq deməkdir. O, şəhidlərimizin xatirəsinə həsr olunan kitabların, muzeylərin, xatirə guşələrinin və bu kimi tədbirlərin gənclərin dünyagörüşünə müsbət təsir göstərdiyini xüsusi vurğulayıb.

Elşən Süleymanov şagirdlərə müraciət edərək bildirib ki, bu gün onların qarşısında duran əsas vəzifələrdən biri yaxşı oxumaq, bilikli və savadlı vətəndaş kimi yetişmək, şəhidlərimizin əmanət qoyduğu Vətənə layiq olmaqdır.


Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra mərasim məktəbin müqəddəs məkanlarından biri olan Şəhidlərin Xatirə muzeyində davam etdirilib.

İştirakçılar məktəbin 13 şəhid məzununun həyat və döyüş yolunu əks etdirən, onların şəxsi əşyalarından ibarət xatirə guşələrini ziyarət ediblər. Hər bir guşə şəhidlərin həyatından bir parça, onların Vətənə olan sevgisinin və qəhrəmanlığının canlı yadigarı kimi təqdim olunub.

Şəhidlərimizin ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla yad edilib. Təqdimatı keçirilən “Səni necə tanıdım” kitabı isə şəhid Orxan Kərimlinin şəxsi əşyalarının və xatirələrinin qorunduğu guşənin üzərinə qoyulub. Bu, kitabın da həmin müqəddəs xatirə məkanında özünə layiqli yer tutmasının rəmzi ifadəsi olub.

Beləliklə, “Səni necə tanıdım” kitabının Göyçay şəhəri Nizami Gəncəvi adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən təqdimat mərasimi yüksək səviyyədə başa çatıb.

Bu tədbir bir daha göstərdi ki, şəhidlərimizin xatirəsini yaşatmaq yalnız onları anmaq deyil, həm də həyat yollarını öyrənmək, qəhrəmanlıqlarını yazmaq, gələcək nəsillərə çatdırmaq və onların adlarını yaddaşlarda əbədiləşdirməkdir.


Şəhidlər ölmürlər. Onlar Vətənin yaddaşında, xalqın qəlbində, yazılan kitablarda, qurulan xatirə muzeylərində və böyüyən nəsillərin düşüncəsində yaşayırlar.

Ruhunuz şad olsun, Vətən qəhrəmanları!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: