Xəbərlər
Sertifikasiyada yüksək nəticə göstərən müəllimlər təltif olunublar

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan 286 nömrəli tam orta ümumtəhsil məktəbində Sertifikasiya imtahanında müvəffəqiyyət qazanan və yüksək bal toplayan pedaqoqların təltif olunması mərasimi keçirilib. Təhlil və qiymətləndirmə nəticəsində peşəkar fəaliyyəti ilə fərqlənən müəllimlərə xüsusi sertifikatlar təqdim olunub.
Təntənəli tədbirdə ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli, 286 nömrəli tam orta məktəbin direktoru Samir Mehdi-Zadə, rəhbərlik heyəti və pedaqoji kollektiv iştirak ediblər.
ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli çıxış edərək pedaqoqları yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, imtahanda yüksək göstərici nümayiş etdirən müəllimlərin əməyini xüsusi vurğulayıb. O, müəllimlərin peşəkar inkişafının və peşəkarlıq səviyyəsinin artırılmasının bilavasitə təhsilin keyfiyyətinə müsbət təsir göstərdiyini bildirərək kollektivə yeni nailiyyətlər arzulayıb.
Daha sonra məktəbin direktoru Samir Mehdi-Zadə çıxış edərək uğur qazanan müəllimləri təbrik edib, bu nailiyyətlərin bütövlüklə təhsil müəssisəsi üçün böyük fəxarət hissi olduğunu qeyd edib. Direktor pedaqoqların əməyinin vaxtında qiymətləndirilməsinin və onlara göstərilən dəstəyin motivasiya baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Mükafatlandırılan müəllimlər öz növbəsində onlara göstərilən diqqətə, yüksək etimada və əməklərinə verilən dəyərə görə təşkilatçılara minnatdarlıqlarını ifadə ediblər.
ETİHİ Yasamal Rayon Komitəsi sertifikasiya mərhələsini uğurla tamamlayan bütün pedaqoqları səmimiyyətlə təbrik edir, onlara şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar diləyir.






